Prezident: "Xəzər dənizində İranla əməkdaşlıq daha da yüksək pilləyə qalxacaq"

Prezident: "Xəzər dənizində İranla əməkdaşlıq daha da yüksək pilləyə qalxacaq" "Bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək"
Xarici siyasət
29 Mart , 2018 03:58
Prezident: Xəzər dənizində İranla əməkdaşlıq daha da yüksək pilləyə qalxacaq

Bakı. 29 mart. REPORT.AZ/ "Həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək".

“Report” xəbər verir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatı zamanı deyib.

"Prezident cənab Ruhani ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanıb ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan verib", - deyə dövlət başçısı bildirib.

O, iki ölkənin beynəlxalq arenada da əməkdaşlıq etdiyini və bir-birini daim dəstəklədiyini diqqətə çatdırıb:

"BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk".

Prezident Azərbaycan və İranın iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək istiqamətində iş apardığını qeyd edib:

"Biz iqtisadi sahədə əməkdaşlığı dərinləşdiririk, qarşılıqlı sərmayə qoyuluşu prosesi başlayıb və sabah keçiriləcək biznes-forumda bu məsələ ilə bağlı təqdimat göstəriləcək. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaq. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verilib və ümid edirəm ki, biz bunun şahidi olacağıq".

"Bu gün bir çox sənədlər imzalanıb, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək", - deyə İlham Əliyev əlavə edib.

Prezidentin sözlərinə görə, iki ölkə arasında energetika sahəsində də uğurlu əməkdaşlıq mövcuddur:

"Son illər ərzində imzalanmış sənədlər, xüsusilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək".

"Ümumiyyətlə, demək istəyirəm ki, bizim əlaqələrimiz təkcə ikitərəfli formatla məhdudlaşmır, biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü – bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər", - deyə Azərbaycan prezidenti söyləyib.

İlham Əliyev geniştərkibli görüş zamanı digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsinin aparıldığını deyib:

"Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərar qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir".

Son xəbərlər

Orphus sistemi