“Şuşada beynəlxalq konfrans iştirakçılarının gördükləri Ermənistanın işğal illərində törətdiyi barbarlığın və vandalizmin illüstrasiyasıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, bu formatda görüş artıq ənənə halını alıb, bundan öncəki görüş ötən ilin aprelində postmünaqişə vəziyyətini müzakirə etmək üçün keçirilib.
O, ziyarətə görə bütün qonaqlara təşəkkürünü bildirib: “Hesab edirəm ki, Şuşa şəhərini, eləcə də bu şəhərə gedən yolda və Şuşanın özündə olan bütün dağıntıları görmək üçün maraqlı fürsət oldu. Məncə, gördükləriniz işğal ərzində yaşadıqlarımız, habelə təkcə birinci Qarabağ müharibəsi nəticəsində baş vermiş genişmiqyaslı dağıntılar deyil, həm də bu 30 illik işğal zamanı Ermənistanın törətdiyi vəhşilik, vandalizmin illüstrasiyasıdır”.