Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Xarici siyasət
5 Mart , 2022 12:58
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

"Report" xəbər verir ki, Türkiyənin xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Vətəninizə xoş gəlmisiniz. Şadam ki, yenə də görüşmək imkanımız oldu.

Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik.

Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq.

Ona görə sizi bu gün görmək mənim üçün çox xoşdur. Bildiyiniz kimi, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq, daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək addımlarımızı birgə atırıq. Bir daha xoş gəlmisiniz.

X X X

Mövlud Çavuşoğlu: Cənab Prezidentimiz, əvvəla bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm, minnətdarlığımı bildirmək istəyirəm. Qardaşınız, hər zaman təmasda olduğunuz Prezidentimiz Ərdoğanın səmimi salamlarını çatdırmaq istəyirəm. İki gün əvvəl Brüsselə gedərkən oradan da Bakıya gələcəyimi söylədikdə “Biz onsuz da qardaşımla davamlı görüşürük, amma sən salamlarımı da çatdır” demişdi.

Cənab Prezident, Şuşa Bəyannaməsini hazırlamaq və imzalamaq sizlərin fikri idi. Biz də Ceyhun qardaşımla birlikdə bunun üzərində çalışdıq və təxminən bir il əvvəl - doqquz ay əvvəl qardaşınız - Prezidentimiz Ərdoğan ilə birlikdə imzaladınız. Təxminən bir ay əvvəl iki gün ara ilə iki Məclisdə də bunun təsdiqlənməsi əslində sizin ortaya qoyduğunuz bu iradəni daha da gücləndirdi. Xalqımızın təmsilçilərinin də buna səs verməsi önəmli idi. Bunun da koordinasiyasını biz bir yerdə sizin tapşırığınızla etdik.

Şuşa Bəyannaməsi, - həqiqətən də biz onsuz da təbii müttəfiqik, - bir millət, iki dövlətə yaraşan kimi oldu. Cənab Prezident, bunu sizin imzalarla sadəcə rəsmiləşdirdik. Bunun içərisindəki məsələlərin həyata keçirilməsi istiqamətində də biz qardaşlarımızla səylə çalışırıq. Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələləri bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq.

Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var. Bundan başqa, burada Sizin Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyiniz önəmli layihələr var. Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim.

Bizə vaxt ayırdınız. Buna görə də Sizə bir daha təşəkkürlərimi bildirmək istəyirəm, cənab Prezidentim.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi