Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Eyni zamanda Platin Yubileyiniz – taxtda olmağınızın 70 illiyi ilə əlaqədar Sizə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Son yeddi onillik boyu Birləşmiş Krallığın rifahı, hərtərəfli inkişafı naminə yorulmaz fəaliyyətiniz, şəxsi nümunə və fədakarlığınız Sizə dünyada böyük rəğbət, hörmət və nüfuz qazandırmışdır.
Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlərin bütün inkişaf mərhələlərində, hazırkı səviyyəyə yüksəlməsində, bu gün əməkdaşlığımızın bir sıra sahələrdə strateji xarakter kəsb etməsində Sizin töhfənizi xüsusi qeyd etmək istərdim.
Bu il dövlətlərarası əlaqələrimizin tarixində əlamətdar ildönümüdür – biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu dövr ərzində Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimiz, səmərəli çoxşaxəli əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Ülyahəzrət,
Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost xalqınıza daim firavanlıq diləyirəm".