Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib.
Xarici siyasət
8 Dekabr , 2023 13:12
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib.

"Report" xəbər verir ki, Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, ölkə tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzaladığını xatırladıb və bütün bunları müsbət addım kimi dəyərləndirib. Avropa Şurasının Baş katibi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir.

Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir etdiklərini deyən Mariya Peyçinoviç Buriç bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini bildirib, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Avropa Şurası arasında bu illər ərzində çox sıx əməkdaşlığın formalaşdığını qeyd edib. Prezident İlham Əliyev özünün Avropa Şurası ilə əlaqələrini və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Dövlət başçısı vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.

Söhbət zamanı AŞPA-da Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında da əlaqələrin və konstruktiv dialoqun vacibliyi bildirilib. Praktiki sahələrdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Görüşdə mədəniyyətlərarası dialoq prosesində Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa toxunulub, bu əməkdaşlığın davam etdirilməsinin önəmi vurğulanıb. Ölkəmizdə ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumunda Avropa Şurasının tərəfdaş qismində çıxış etməsinin, həmçinin Avropa Şurasında islamofobiya meyillərinə qarşı xüsusi nümayəndənin təyin olunmasının təqdir edildiyi bildirilib.

11:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Son xəbərlər

Orphus sistemi