Prezident İlham Əliyev Gürcüstanda bir sıra görüşlər keçirib və səfər başa çatıb

Prezident İlham Əliyev Gürcüstanda bir sıra görüşlər keçirib və səfər başa çatıb İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar
Xarici siyasət
6 Noyabr , 2015 21:11
Prezident İlham Əliyev Gürcüstanda bir sıra görüşlər keçirib və səfər başa çatıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri noyabrın 6-da başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Tbilisinin Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Dövlət başçısı Azərbaycana yola düşməzdən əvvəl noyabrın 6-da Gürcüstanda bir sıra görüşlər keçirib.

İlham Əliyev ilk olaraq Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.

Daha sonra prezidentin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü olub.

Görüşdə David Usupaşvili İlham Əliyevin təkcə regionun deyil, dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi Gürcüstana rəsmi səfərindən şərəf duyduqlarını vurğulayıb.

Gürcüstan parlamentinin sədri ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olmasına baxmayaraq, bu münasibətləri daha da möhkəmləndirmək baxımından Azərbaycan dövlətinin başçısının bu səfərinin mühüm önəm daşıdığını söyləyib. David Usupaşvili prezident İlham Əliyevi rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbəsi münasibətilə Gürcüstan parlamenti adından təbrik edib və yeni tərkibdə Azərbaycan parlamenti ilə münasibətləri davam etdirəcəklərini bildirib.

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri ilə Bakıda keçirdiyi görüşləri xatırladıb. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olmasını prezidentlər tərəfindən imzalanan Birgə Bəyannamənin bir daha təsdiq etdiyini vurğulayıb. Bizim əlaqələrimizin təməlində xalqlarımızın bir-birinə olan hörməti, rəğbəti dayanır, - deyən prezident İlham Əliyev siyasi, iqtisadi, sosial və humanitar sahələrdə Gürcüstan ilə Azərbaycanın hazırki əməkdaşlığının bir çox ölkələr üçün nümunə ola biləcəyini söylədi, dostluq münasibətlərinin dərinləşməsində parlamentlərarası əlaqələrin önəmindən danışıb.

Dövlət başçısı Gürcüstan parlamentinin xatirə kitabına ürək sözlərini yazıb.

İlham Əliyevin Gürcüstana səfər çərçivəsində, həmçinin bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi bildirildi. Energetika, infrastruktur, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Gürcüstanın Baş naziri ölkəmizdə parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra İrakli Qaribaşvilinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Noyabrın 6-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

İrakli Qaribaşvili ölkələrimiz arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib.

Yenidən Gürcüstanda olmaqdan məmnunluğunu ifadə edən dövlət başçısı İlham Əliyev baş nazir İrakli Qaribaşvili ilə Bakıdakı və indiki görüşlərinin çox yaxşı göstərici olduğunu vurğuladı. Əlaqələrimizin inkişafı üçün gözəl imkanların mövcud olduğunu deyən Prezident İlham Əliyev birgə həyata keçirilən layihələrin münasibətlərimizin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Görüşdə energetika, elektroenergetika, nəqliyyat, dəmir yolu, infrastruktur, humanitar, qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

Sonra dövlət başçısı Tbilisi şəhərinin mənzərəsini seyr edib.

Noyabrın 6-da, həmçinin Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Azərbaycan prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi