Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Respublikasının Prezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:
“Rumıniya Respublikasının milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir.
Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah arzulayıram”.