Prezident İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB Dövlət başçısı tarixən azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin olduğunu deyib
Xarici siyasət
13 Sentyabr , 2016 15:31
Prezident İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Bakı. 13 sentyabr. REPORT.AZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin başçılıq etdiyi və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru və icraçı vitse-prezidenti Robert Sinqer, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov, Avro-Asiya Yəhudi Konqresinin prezidenti Julius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Sternin üzv olduqları nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Ümumdünya Yəhudi Konqresi nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüşlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəni daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən yəhudilər arasında əsrlər boyu dostluq və qarşılıqlı dəstəyə əsaslanan tarixi əlaqələrin mövcudluğunu məmnunluqla qeyd edib.

Dövlət başçısı tarixən azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin olduğunu, yəhudilərin ölkənin ictimai həyatında fəal rol oynadıqlarını və bütün dövrlərdə əmin-amanlıq şəraitində yaşadıqlarını deyib. Prezident İlham Əliyev Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşamasını dövlət siyasətinin təzahürü kimi dəyərləndirib. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən dövlət başçısı bunu ölkənin bu sahəyə verdiyi önəm kimi qiymətləndirib və Azərbaycanda bu sahədə həyata keçirilən işlərin dünyanın digər yerlərində də tətbiq olunmasının zəruriliyini bildirib.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında olan tarixi əlaqələrə və yəhudilər üçün ölkədə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycanda yaşayan yəhudi icmasına olan münasibəti yüksək qiymətləndirərək bunun bir nümunə olduğunu deyib. 

Ronald Lauder Bakının gözlədiyindən də artıq gözəl şəhər olduğunu məmnunluqla qeyd edib və paytaxtın gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildirib. Ümumdünya Yəhudi Konqresinin prezidenti Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Qonaq qeyd edib ki, dünyada mövcud olan maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın nail olduğu iqtisadi inkişaf onlarda böyük heyranlıq hissi doğurur.

Son xəbərlər

Orphus sistemi