Prezident İlham Əliyev üç ölkənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev üç ölkənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.
Xarici siyasət
24 Sentyabr , 2019 16:54
Prezident İlham Əliyev üç ölkənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Eqidius Navikas fəxri qarovul dəstəsinin qarşısından keçib.

Eqidius Navikas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev deyib:

- Sizi yenidən görməyimə şadam, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə sizə xoş günlər arzulayıram. Əminəm ki, Azərbaycanda çalışdığınız müddətdə bizim ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edəcək, yeni sahələri əhatə edəcək. Bizim ölkələr yaxşı tərəfdaşlardır, köhnə dostlardır, bir-birimizi çoxdan tanıyırıq və uzun müddət ərzində fəal əməkdaşlıq edirik. Yəqin ki, mənim sizin prezidentlərlə əlaqələrim barədə xəbərdarsınız. Cənab Adamkusla biz Bakıda da, Vilnüsdə də tez-tez görüşmüşük. Eləcə də Prezident Qribauskayte ilə də bizim çox yaxşı münasibətlərimiz olub. Belə ki, bizim əlaqələrimizin tarixi kifayət qədər müsbətdir. Ona görə də düşünürəm ki, münasibətləri irəli aparmaq üçün xeyli işiniz olacaq.

Əməkdaşlığın ənənəvi və yeni sahələri mövcuddur. Əlbəttə, ticari-iqtisadi əməkdaşlıq cəhətdən müəyyən işlər görülməlidir. Əmtəə dövriyyəsini artırmaq mümkündür. Ticari-iqtisadi əlaqələri artırmaq məqsədilə müəyyən işçi qruplar yaratmaq olar. Biz bütün digər istiqamətlərdə də ənənəvi əməkdaşlığı davam etdirmək, tərəfdaşlığı möhkəmləndirmək niyyətindəyik. Əməkdaşlıq həm də hansısa konkret nəticəyə yönəlməlidir. Sizə ölkəmizdə yaxşı günlər və Azərbaycanda fəal işləməyi arzulayıram.

Səfir Eqidius Navikas deyib:

- Çox sağ olun cənab Prezident. Mən, ilk növbədə, Sizə Litva Prezidenti cənab Nausedanın ən xoş arzularını, eləcə də Sizin Litvaya səfərinizlə bağlı dəvəti çatdırmaq istəyirəm. Əlbəttə, mənim üçün Azərbaycanda səfir olmaq böyük şərəfdir və bundan çox şadam. Mən, həmçinin çox şadam ki, artıq qeyd etdiyiniz kimi, dost münasibətlərin və əməkdaşlığın sanballı bazası, təməli var. Mən Bakıda olduğum müddətdə xalqlarımızın çox yaxşı, müsbət əlaqələrinin mövcudluğunu hiss etdim.

Səfir Azərbaycan və Litva arasında yüksək səviyyəli siyasi dialoqun məmnunluq doğurduğunu bildirdi. Eqidius Navikas ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirdi. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxundu və ölkəsinin Avropa İttifaqının “Tvinninq” layihələri çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini dedi.

Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişaf etdiyini, ötən müddət ərzində Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərini və özünün Avropa İttifaqının mənzil-qərargahına səfərini xatırladaraq Avropa İttifaqı üzv ölkələrinin bu əməkdaşlığın inkişafına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. 

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.

*** 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Branko Zebiç fəxri qarovul dəstəsinin qarşısından keçib.

Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir deyib:

- Sabahınız xeyir, cənab Prezident. Adım Branko Zebiçdir. Xorvatiyanın səfiriyəm. Burada olmaq, etimadnaməni təqdim etmək və Sizin çox yaxşı tanıdığınız Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarını Sizə çatdırmaq mənim üçün şərəfdir.

Prezident İlham Əliyev:

- Mənim salamlarımı xanım Prezidentə çatdırmağınızı xahiş edirəm. Mən bizim görüşlərimizi, xüsusilə ötən il ölkənizə rəsmi səfərim zamanı keçirdiyimiz görüşü xatırlayıram. Apardığımız müzakirələr ölkələrimiz arasında tərəfdaşlığın inkişafına xidmət edir. Düşünürəm ki, biz bir sıra sahələri əhatə edən çox səmərəli əlaqələr qurmağa müvəffəq olmuşuq. Əlbəttə ki, xanım Prezidentin Azərbaycana rəsmi səfəri və mənim ölkənizə səfərim əməkdaşlığımızın çox mühüm nümunələridir. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz, çünki ölkələrimiz arasındakı dostluq münasibətləri xalq diplomatiyasını da əhatə edir. Düşünürəm ki, son illərdə Xorvatiyada daha çox adam bizim barəmizdə məlumatlı olub və daha çox azərbaycanlı sizin ölkəniz barədə məlumat əldə edib. Bu səbəbdən də düşünürəm ki, Azərbaycanda bir neçə il fəaliyyət göstərmək çox xoş olacaq. Əminəm ki, siz ənənəvi sahələrdə əməkdaşlığımızın güclənməsinə, həmçinin tərəfdaşlığımızın yeni sahələrinin tapılmasına öz töhfənizi verəcəksiniz. Sizə ölkəmizdə xoş günlər və uğurlar arzulayıram.

Səfir Branko Zebiç:

- Təşəkkür edirəm. Mən özümü çox yaxşı və artıq evimdəki kimi hiss edirəm. Mən bundan əvvəl bir il müddətində müvəqqəti işlər vəkili işləmişəm. Siz Zaqrebə səfər edən zaman mən Azərbaycanda yaşamağa başladım. Mən Xorvatiya nümayəndə heyətinin tərkibində idim. Baş Nazir məni Sizə təqdim etdi və mənim burada səfir olacağıma dair söz verdi. Lakin bu, Xorvatiyada bir qədər vaxt tələb etdi. Prosedur belədir.

Prezident İlham Əliyev: Azərbaycanda yaxşı yerləşmisiniz?

Səfir Branko Zebiç: Bəli, yaxşı yerləşmişəm, özümü evimdəki kimi hiss edirəm. Siz qeyd etdiyiniz kimi, əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün çoxlu sahələr var. Söhbət təkcə iqtisadi əməkdaşlıqdan getmir. Bu sahədə işlər çox yaxşı gedir. Xorvatiyanın Azərbaycanda ilk daimi səfiri kimi mən xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirmək istərdim.

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Xorvatiya Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.


12:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin sentyabrın 24-də Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini qəbul edib. 

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.

Son xəbərlər

Orphus sistemi