Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır"

    Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib

    Bakı. 8 avqust. REPORT.AZ/ "Bu səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox böyük yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir". 

    "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Bakıda Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla birgə mətbuata bəyanatla çıxışında deyib. 

    Dövlət başçısı qeyd edib ki, bu əlaqələrin təməlində iki xalqın birliyi, dostluğu, qardaşlığı dayanır: "Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir.

    Cənab Prezident, mən bu gün xüsusilə Sizin rəhbərliyinizlə Türkmənistanın əldə etdiyi uğurlar haqqında danışmaq istərdim. Sizin rəhbərliyinizlə ölkəniz sürətlə inkişaf edir, sosial, iqtisadi məsələlər uğurla həll olunur, vətəndaşların rifah halı yaxşılaşır, Türkmənistan beynəlxalq aləmdə böyük rol oynayır. Sizin neytrallıq siyasətiniz dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul etmişdir. Azərbaycan da o qətnamənin həmmüəllifi olmuşdur".

    Prezident İlham Əliyev vurğulayıb ki, bu gün imzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur: "Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirmişdir.

    Bizim əlaqələrimiz uğurla inkişaf edir. Biz bir çox istiqamətlər üzrə fəaliyyətimizi gücləndirəcəyik. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə yaxşı nailiyyətlər var. Keçən il ticarət dövriyyəmiz artıb.

    Bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq.

    Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var. Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq.

    Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş vermişdir. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük.

    Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfərinizin çox gözəl nəticələri olacaq. Türkmənistan və Azərbaycan bir-birinə daha da yaxın olacaq.".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi