Prezident İlham Əliyev: “Dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın ölkələrdir” - YENİLƏNİB

Prezident İlham Əliyev: “Dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın ölkələrdir” - YENİLƏNİB Dövlət başçısı Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Xarici siyasət
20 Oktyabr , 2016 12:51
Prezident İlham Əliyev: “Dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın ölkələrdir” - YENİLƏNİB

*** saat 09:52

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfir Erkan Özoral fəxri qarovul dəstəsinin qarşısından keçib.

Erkan Özoral etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Erkan Özoralın ölkəmizdə əvvəllər fəaliyyət göstərməsindən və bu dəfə Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən dövlət başçısı onun Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirilən Dünya Enerji Sammitində görüşünü məmnunluqla xatırlayıb. Tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyənin bir-birinə ən yaxın ölkələr olduğunu vurğulayan dövlət başçısı bildirib ki, bizim işimiz bu əlaqələri həm beynəlxalq müstəvidə, həm də ikitərəfli formatda daha da inkişaf etdirmək və bu birliyi daha da möhkəmləndirməkdən ibarətdir.

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öz növbəsində Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayaraq bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını deyib. O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı ölkəsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir ölkəsinin Azərbaycan ilə qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılması üçün çalışdığını qeyd edib. Türkiyəli diplomat Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini deyib və əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, turizm, inşaat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi