Yuxarı

Prezident İlham Əliyev Türkiyədə “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb

Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib

Bakı. 23 aprel. REPORT.AZ/ Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib. 

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Media İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan Macit bildirib ki, müxtəlif sahələr üzrə mükafatların sahibləri nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən edilib.

Son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb.

Qeyd edilib ki, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla bağlı yeni sazişlər imzalayaraq, sistemli və düşünülmüş xarici siyasət yürütdüyünü nümayiş etdirir.

Azərbaycan Prezidentinin layiq görüldüyü nüfuzlu mükafat ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalova təqdim edilib.

Xatırladaq ki, “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Albaniyanın Baş naziri Edi Rama da var.

Mərasimdə Türkiyədə elm, siyasət, biznes, jurnalistika və digər sahələrdə böyük uğurlar əldə edən nüfuzlu şəxslərə və qurumlara da Federasiyanın mükafatları təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi