Yuxarı

Prezident İlham Əliyev Roma Papası ilə görüşüb

O, Papaya dəvəti qəbul edərək Azərbaycana səfər etdiyinə görə minnətdarlığını bildirib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Roma Papası Fransiski qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

Qonağı Azərbaycanda salamlayan Azərbaycan prezidenti, bunun tarixi səfər olduğunu qeyd edib. İlham Əliyev Papaya dəvəti qəbul edərək Azərbaycana səfər etdiyinə görə minnətdarlığını bildirib.

"Ümid edirəm ki, siz vətənə xoş təəssüratlarla qayıdacaqsınız. Bu səfəriniz həm Vatikan-Azərbaycan əlaqələri üçün, eyni zamanda sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir", - deyə İlham Əliyev bildirib.

Prezident söhbət əsnasında qeyd edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə şəkilində, sülh və mehribanlıq şəraitində yaşayır.

Prezident İlham Əliyevin Vatikanda səfərdə olduğunu xatırladan Roma Papası, həmin səfərə görə İlham Əliyevə minnətdarlığını bildirib. Papa Azərbaycana səfəri zamanı ona göstərilmiş səmimi qəbula görə də təşəkkürünü ifadə edib:

"Mən ümumiyyətlə qeyd etmək istəyirəm ki, indiki zamanda, xüsusilə Avropa dövlətlərində, hamımız üçün olduqca vacib olan zənginliklər, məhz mənəvi dəyərlər xüsusi əhəmiyyət kəsb edir. Bir halda ki, bu hadisələr baş verir, əslində bu insanlar üçün hazırda olduqca vacib olan məqamdır. Yalnız bununla biz öz əlaqələrimizin məhsuldarlığı barədə danışa bilərik. Biz sizin qədim torpağınızda olduğumuzu bilirik, həmçinin məlumatımız var ki, sizin ölkədə dini azadlıqlar tam təmin edilir", - deyə o vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi