​Prezident İlham Əliyev İsveçin və Sloveniyanın Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

​Prezident İlham Əliyev İsveçin və Sloveniyanın Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib Azərbaycan Prezidenti yeni səfirlərlə söhbət edib
Xarici siyasət
18 Yanvar , 2016 16:15
​Prezident İlham Əliyev İsveçin və Sloveniyanın Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev yanvarın 18-də İsveçin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir İnqrid Tersman fəxri qarovul dəstəsinin qarşısından keçib.

İnqrid Tersman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib və bunun üçün yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, bu sahədə yeni imkanların araşdırılmasının önəmini də vurğulayıb. Azərbaycanın yerləşdiyi regionda müəyyən iqtisadi çətinliklərin, eləcə də Avropada bəzi problemlərin müşahidə olunduğunu qeyd edən dövlət başçısı iki ölkə arasında ikitərəfli əlaqələrin regional əməkdaşlığın gücləndirilməsi işinə də töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ikitərəfli münasibətlərin gündəliyində saxlanmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir İnqrid Tersman İsveçin Kralı Əlahəzrət XVI Karl Qustavın salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə mövcud dialoqu genişləndirmək niyyətində olduğunu deyib. İnqrid Tersman iki ölkənin regional inkişaf və təhlükəsizlik, miqrasiya və mədəniyyət, o cümlədən beynəlxalq məsələlərlə yanaşı, bir çox sahələrdə də ümumi mövqeyə malik olduğunu qeyd edib. İqtisadi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən səfir bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. İnqrid Tersman iki ölkə arasında ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsində xüsusi rol oynadığını deyib. Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. 

Prezident İlham Əliyev Kral Əlahəzrət XVI Karl Qustavın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İsveçin Kralına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev yanvarın 18-də Sloveniyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçin etimadnaməsini də qəbul edib.

Səfir İqor Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçib.

İqor Yukiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Sloveniyanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında qarşılıqlı siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. İki ölkənin iqtisadiyyatının müxtəlif sektorlarında çalışan Sloveniya şirkətlərinin və Sloveniyada çalışan Azərbaycan şirkətlərinin işindən danışan dövlət başçısı onların fəaliyyətlərinin daha da genişləndirilməsi üçün səmərəli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini bildirib. Səfir İqor Yukiçin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona işində müvəffəqiyyətlər arzulayıb. 

İki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Sloveniyanın Azərbaycanda yeni təyin olunan səfiri İqor Yukiç iki ölkənin əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Diplomat hər iki ölkənin biznes nümayəndələrinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Sloveniyalı səfir iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə iki ölkə arasına ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi