Bakı. 29 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev oktyabrın 29-da Hindistanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın etimadnaməsini qəbul edib.
"Report" xəbər verir ki, əvvəlcə səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Sanjay Rana etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Səfir Sanjay Rana Hindistan Prezidenti Pranab Mukhercinin və baş nazir Narendra Modinin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. İki ölkənin tarixi əlaqələrə malik olduğunu vurğulayan səfir Hindistanın Azərbaycan ilə əlaqələrə böyük maraq göstərdiyini bildirib. O qeyd edib ki, Hindistan hökuməti Prezident İlham Əliyevin müdrik rəhbərliyini yüksək qiymətləndirir. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün istiqamətlərdə, o cümlədən iqtisadi və sosial sahələrdə böyük inkişafa nail olunduğunu deyib. Hindistanlı diplomat birinci Avropa Oyunlarının Azərbaycanda uğurla təşkil olunmasının və keçirilməsinin önəmini də qeyd edib. İki ölkə arasında iqtisadi, ticarət, təhsil və texniki sahələrdə əlaqələrin genişləndiyini deyən Sanjay Rana bu əlaqələrin Prezident İlham Əliyevin dəstəyi sayəsində daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın iqtisadi, enerji, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd edib. Prezident İlham Əliyev biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin stimullaşdırılması, birgə müəssisələrin yaradılması və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün də böyük imkanların olduğunu vurğulayıb. Hindistanın informasiya texnologiyaları sahəsində çox qabaqcıl ölkə olduğunu qeyd edən dövlət başçısı Azərbaycanda da bu istiqamətdə işlərin görüldüyünü deyib və iki ölkənin bu sahədə əməkdaşlığı üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev iki ölkə arasında iqtisadi və ticari sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səfirin Azərbaycanın müvafiq qurumları ilə yaxşı əlaqələr yaradacağına və diplomatik fəaliyyətinin səmərəli olacağına əminliyini ifadə edib.
Dövlət başçısı Hindistan Prezidenti Pranab Mukhercinin və baş nazir Narendra Modinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Hindistan Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.