Prezident İlham Əliyev Həsən Ruhanini Azərbaycana rəsmi səfərə dəvət edib

Prezident İlham Əliyev Həsən Ruhanini Azərbaycana rəsmi səfərə dəvət edib Azərbaycan prezidenti: "Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb"
Xarici siyasət
5 Mart , 2017 19:15
Prezident İlham Əliyev Həsən Ruhanini Azərbaycana rəsmi səfərə dəvət edib

Bakı. 5 mart. REPORT.AZ/ "İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı bildirib ki, bu, əldə edilmiş razılaşmaların nəticəsidir: "İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə də biz minnətdarıq. Eyni zamanda, Prezident Ruhani qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib. Bir il bundan əvvəl bu salonda mən qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır".

Azərbaycan prezidenti vurğulayıb ki, energetika sahəsində böyük uğurlar əldə edilib: "Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Mən xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir, prezidentlərin bütün göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir".

Prezident İlham Əliyev qeyd edib ki, respublikamız İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir: "Bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq.

Bir daha qonaqpərvərliyə görə sizə minnətdaram və fürsətdən istifadə edərək, cənab Prezident, sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm".