“Yarandığı gündən bəri Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəal üzvüyük və onların fəaliyyətini hər zaman dəstəkləyirik”.
“Report” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin “TRT” televiziyasına müsahibəsində deyib.
O qeyd edib ki, gələn il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstana keçəcək: “TÜRKPA və TÜRKSOY-a üzv olan ölkələrin öz aralarında anlaşmaları və buna görə strategiyası var. Ona görə də atılacaq addımlarla bağlı bəlli proqramlar olur. Biz də həmin proqrama uyğun işləyəcəyik”.
S.Japarov bildirib ki, Türkiyə ilə Qırğızıstan arasında hər zaman qardaşlıq münasibətləri olub: “Bunu həm türk, həm də qırğız xalqı çox yaxşı bilir. Bundan sonra da iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcək. Bu münasibətləri daha da canlandıracağıq. Çünki bizim min illik ortaq tariximiz var. Bu səbəbdən Türkiyə və digər türk dövlətləri ilə münasibətləri qardaşlıq fonunda irəliyə aparmaq üçün səy göstərəcəyik”.
Qeyd edək ki, Türk Şurasında Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan təmsil olunur. Türkmənistan və Macarıstan qurumda müşahidəçi statusuna malikdir. Hazırda Türk Şurasına Türkiyə sədrlik edir.