"Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir".
"Report" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Bir millət iki dövlət” fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir", - müraciətdə vurğulanıb.