Yuxarı
    Bağlamaq

    ​Prezident: "Biz bölgədə və dünyada sülh və əmin-amanlığın olmasını istəyirik"

    Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır

    Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan bölgədə və dünyada sülh, əmin-amanlıq və əməkdaşlıq olmasını istəyir.

    "Report" xəbər verir ki, bunu Tehrana səfəri zamanı iranlı həmkarı Həsən Ruhani ilə birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib.

    "Prezident Ruhani qeyd etdi ki, artıq biz üçtərəfli formatlarda da fəal iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcək. Bu, bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olsun. Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq. Prezident Ruhani qeyd etdi ki, bu, son iki il ərzində bizim beşinci görüşümüzdür. Mən fürsətdən istifadə edərək, cənab prezident, sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm", - İlham Əliyev bildirib.

    Prezident, həmçinin qeyd edib ki, bu gün Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atılıb:

    "Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.

    Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır".

    İlham Əliyev bildirib ki, energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər var. Onun sözlərinə görə, "bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcək".

    "Qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var", - deyə dövlət başçısı əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi