Prezident: "Azərbaycan və Türkmənistan beynəlxalq bazarlara birgə çıxa bilər"

Prezident: "Azərbaycan və Türkmənistan beynəlxalq bazarlara birgə çıxa bilər" Bakı. 22 noyabr. REPORT.AZ/ Bizim ticari-iqtisadi məsələlərimizə gəldikdə, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir və buna görə Sizə təşəkkür edirik. Sevindirici haldır ki, bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
Xarici siyasət
22 Noyabr , 2018 17:20
Prezident: Azərbaycan və Türkmənistan beynəlxalq bazarlara birgə çıxa bilər

Bakı. 22 noyabr. REPORT.AZ/ "Bizim ticari-iqtisadi məsələlərimizə gəldikdə, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir və buna görə Sizə təşəkkür edirik. Sevindirici haldır ki, bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb". 

"Report" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 22-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

O bildirib ki, kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyllər yaranıb: "Azərbaycanın yeni texnologiyaları əlbəttə ki, bizi cəlb edir. Hər halda bütün dünya rəqəmsal texnologiyalara, rəqəmsal iqtisadiyyata keçir. Buna görə də biz gələcəkdə də bu ruhda davam edəcəyik.

Əlbəttə ki, nəqliyyat məsələlərini, yəni, məhz tranzit nəqliyyat dəhlizlərinin inkişafı və onun logistikasının düzgünlüyünün müəyyənləşdirilməsini qeyd etmək istərdim. Bilirsiniz, Sizinlə bizim - Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya çıxışla bağlı nümunəvi təcrübəmiz və imzalanmış razılaşmalarımız çoxdur. Mən xatırlatdım ki, biz bu gün TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, TİR kimi beynəlxalq qurumlarla yaxşı əlaqələrə malikik və bu, böyük əhəmiyyət kəsb edir. Sizin Bakı-Tbilisi-Qars kimi çox yaxşı infrastrukturunuz var. Görürsünüz, bizdə nümunələr çoxdur. Ona görə də biz düzgün logistikamızı həm avtomobil, dəmir yolu, həm də bərə nəqliyyatı üzrə inkişaf etdirə bilərik. Bizim dəmir yolu üçün güclü bərə nəqliyyatımız var. Bu, bizdə Ro-Ro tipli avtonəqliyyat üçün oxşar variantdır. Düşünürəm ki, biz bu fəaliyyəti düzgün logistikamızla da gücləndirə bilərik. Hərçənd yadımdadır, Siz Xəzəryanı ölkələrin dövlət başçılarının Sammitində də bu variantı təklif etdiniz - Xəzəryanı dövlətlər arasında düzgün logistika yaradılsın və bu müşavirə məhz Bakıda keçirilsin. Fikrimcə, biz bu məsələnin əməkdaşlığa dair ikitərəfli dialoq çərçivəsində müzakirəsinə artıq başlamışıq".

Dövlət başçısı vurğulayıb ki, iki ölkənin çox güclü energetika ehtiyat potensialı var: "Buna görə də biz bu məsələlərdə enerji inteqrasiyasının tərəfdarıyıq. Təkcə bizim ölkələrimiz üçün yox, həm də regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilərik. Düşünürəm ki, bu cəhətdən biz yaxşı əməkdaşlıq edə bilərik. Yəni, gördüyünüz kimi, bizdə müxtəlif sahələrin elə mənzərəsi və aspekti var ki, ölkələrimiz arasında əmtəə nomenklaturunu genişləndirə bilərik. Buna görə də mən bir daha qeyd edim ki, burada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bilavasitə rol oynayır. Yəni, biz onun iclasını azı ildə bir dəfə keçirməliyik, çünki bir qədər fasilə yaranıb, amma bəzi məsələlər, necə deyərlər, təcili həllini tələb edir.

Əlbəttə ki, mədəni-humanitar sahə əməkdaşlığın ayrılmaz tərkib hissəsidir. Bizi çox sevindirir ki, ortaq köklərimiz, mənşəyimiz, ənənələrimiz, milli xüsusiyyətlərimiz var. Biz müasir mərhələdə təhsil, elm, turizm sahələrinin, idmanın inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Bu gün əlbəttə ki, bunlar da lazımdır, çünki onların hamısı böyüməkdə olan gələcək nəsil üçün həm vətənpərvərlik, həm də ideoloji cəhətdən bizim əcdadlarımızın vəsiyyətləridir. Bilirəm ki, Siz xalçaçılıq məsələlərinə böyük diqqət yetirirsiniz. Dediyim kimi, biz də bu sahəyə böyük diqqət yetiririk. Məncə biz hətta Bakıda olanda təklif etmişdik ki, həm bizdə, həm sizdə xalça sərgiləri təşkil olunsun. Bu halda beynəlxalq səviyyəyə çıxmaq və ya bizim xalçalara aid beynəlxalq konfrans keçirmək olardı. Yəni, gördüyünüz kimi, biz qarşılıqlı hörmət və etimad fonunda bu cür ikitərəfli əməkdaşlığa meylliyik. Buna görə də mən bir daha Sizə bu səfərinizə görə təşəkkür etmək istərdim. Çünki Sizin səfəriniz şübhəsiz ki, bu gün müzakirə etdiyimiz məsələlərə daha artıq güc, mən deyərdim ki, yaxşı təkan verəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizin nümayəndə heyətinizin üzvlərinə əlbəttə ki, qardaş Azərbaycan xalqına ən yaxşı arzularımı bildirirəm. Sizə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi