Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib.
"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.
Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğulayıb ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər.
Dövlət başçısı onu da əlavə edib ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb
Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlət başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyi vurğulayıb.