Azərbaycanın neokolonializmlə mübarizə səyləri effektiv və vaxtında həyata keçirilir.
Bu barədə "Report"a Gürcüstanın Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Apxaidze bildirib.
Onun sözlərinə görə, Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən konfransının yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir:
“Çoxqütblü dünya nizamında müstəmləkəçiliyin müasir təzahürlərinə qarşı çıxmaq çox vacibdir. Bu baxımdan BTQ, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və ya BRİKS kimi platformaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, Azərbaycan strateji əhəmiyyət kəsb edən bu problemlə mübarizə üçün belə müstəqil addımlar atır”.
Politoloq xatırladıb ki, neokolonializm keçmiş müstəmləkəçi fövqəldövlətlərin keçmiş müstəmləkələrə və ya inkişaf etməkdə olan ölkələrə iqtisadi, mədəni və siyasi təsir formasıdır: “Lakin postmodernizm dövründə neokolonializm sistemi tamam başqa cür işləyir, indi hər şey üstüörtülü formada baş verir”.
O bildirib ki, buna görə də, bu problemin işıqlandırılmasının və neokolonial təcrübələrə qarşı mübarizənin aktuallığı bir çox ölkələr üçün prioritet olmalıdır:
“Azərbaycan Prezidenti İlham Əliyev də andiçmə mərasimində neokolonializm məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, bunu Yer üzündən tamamilə silmək üçün dəstək göstərilib və bu, gələcəkdə də davam edəcək”.