“İtaliya və Azərbaycan arasında əməkdaşlıq uzun illərdir ki, inkişaf edir”.
Bunu “Report”a italiyalı politoloq Dominiko Letisiya deyib.
Onun sözlərinə görə, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpasına öz töhfəsini verə bilər: “İtaliya Azərbaycanın Qarabağın infrastrukturunu ən innovativ və müasir texnologiyalardan istifadə etməklə bərpa etmək istəyini başa düşür və bu prosesə öz töhfəsini verə bilər”.
İtaliyalı politoloq enerji sektorunda dinamik inkişaf edən ikitərəfli münasibətlərə də toxunub. Onun fikrincə, bu sahədə artıq xeyli iş görülüb, lakin hələ daha çox iş görülməlidir.
"TAP qaz kəmərinin mövcud infrastrukturundan "yaşıl hidrogen"in nəqli üçün də istifadə oluna bilər. Bu imkanlar Azərbaycanda iqtisadi artıma böyük təkan verir", - Dominiko Letisiya əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib. Görüşdə Azərbaycan-İtaliya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.