Koronavirus pandemiyasının əyani göstərdiyi kimi, böhranları aradan qaldırmaq üçün ölkənin böyüklüyü və iqtisadi imkanları yox, ilk növbədə, daha çox vaxtında atılan cəsarətli addımlardır.
“Report” xəbər verir ki, israilli politoloq Arye Qut tərəfindən “Jerusalem Post”da dərc etdirilən yazıda Azərbaycanın da kiçik ölkə olmasına baxmayaraq, indiyədək COVID-19-a qarşı səmərəli mübarizə apardığı qeyd olunur.
Müəllif bildirir ki, epidemiyanın elə ilk günlərindən Azərbaycan hökuməti vəziyyəti çox ciddi dəyərləndirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun yayılmasını əngəlləmək üçün hərtərəfli addımlar atıldı, o cümlədən adambaşı test sistemi tətbiq edildi. COVID-19 virusuna yoluxanların müalicəsi üçün 20-dən artıq dövlət xəstəxanası ilə yanaşı, ilk vaxtlarda dörd modul xəstəxanası da açılaraq istifadəyə verildi. Qarşıdakı aylarda hökumətin maliyyəsi ilə daha iki, özəl sektorun da maliyyəsi ilə dörd modul xəstəxanasının da istifadəyə verilməsi nəzərdə tutulur.
“Deyəsən, Azərbaycan həm koronavirusun yayılmasını əngəlləmək və qarşısını almaqda, həm də iqtisadiyyatı və vətəndaşları üçün bu pandemiyanın fəsadlarını yumşaltmaqda müvəffəqiyyət qazanıb”, - məqalədə deyilir.
“İsrailin Avrasiyada etibarlı müttəfiqi və tərəfdaşı olan Azərbaycan bu gün güclü, müstəqil dövlət olub Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi proseslərin lideri, regionda və ondan kənarda sülhə, sabitliyə, rifaha təkan verən müxtəlif birgə layihələrin iştirakçısıdır. Yəni Azərbaycan bu gün təhlükəsizlik və sabitlik ixracatçısıdır. Üstəlik, bu ölkə müasir təhdidlərin dəf edilməsi istiqamətində beynəlxalq birliyin səylərinə də dəstək verir”, - yazı müəllifi qeyd edir.