Perunun ali təhsil ocaqları Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlıdır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı səfiri Məmməd Talıbovun Peru Diplomatik Akademiyasının direktoru, səfir Qonzalo Qutierrez və ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan "Pacifico" Universitetinin rektoru, doktor Felipe Portokarrero Suarez ilə görüşlərində bildirilib.
Görüşlər zamanı ölkələrimiz arasında təhsil üzrə əməkdaşlığın inkişafı üçün mövcud olan böyük potensial və bundan irəli gələn perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, səfir Azərbaycan tərəfinin xarici ölkələrdə fəaliyyət göstərən təhsil ocaqları ilə də münasibətlərin inkişafına böyük diqqət yetirdiyini xüsusilə qeyd edərək, ölkənin aparıcı universitetləri və onların dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığı, elmi-tədqiqat proqramlarının birgə həyata keçirilməsi, perulu tələbələr də daxil olmaqla, ölkəmizdə təhsil almış və hal-hazırda təhsil alan xarici tələbələr və təqaüd proqramları barədə məlumat verib.
Səfir Azərbaycanla Peru arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə elm və təhsil sahələrində münasibətlərin inkişafının intensivləşdirilməsinin vacibliyinə diqqət çəkərək, Azərbaycan universitetlərinin Peru universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.
Görüşlərdə tərəflər ölkələrin təhsil müəssisələri arasında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusilə tələbə və professor-müəllim heyəti arasında mübadilə proqramlarının həyata keçirilməsi, onlayn konfrans formatında birgə seminarların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb, həmçinin ölkələrin ali məktəb rektorlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin faydalı ola biləcəyi vurğulanıb.