Bakı. 24 noyabr. REPORT.AZ/ Peru Konqresində Peru-Azərbaycan dostluq qrupu yaradılıb.
Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Konqresin Xarici əlaqələr komitəsinin sədri Elias Rodriqez Zavaleta tərəfindən Azərbaycan səfirliyinə ünvanlanmış məktubda hər iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub və konqresdə dostluq qrupunun yaradılmasının əhəmiyyəti vurğulanıb.
Xalqların bir-birinə yaxınlaşdırılmasında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edilərək, dostluq qrupunun yaradılmasının tarixi hadisə olduğu və qarşılıqlı münasibətlərin inkişafına töhfə olacağı vurğulanıb.
Qeyd edək ki, Peru Konqresində 2013-cü ilin 10 iyun tarixində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən Qətnamə qəbul edilib. Qərarda Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırım kimi qiymətləndirilib.