Bakı. 25 yanvar. REPORT.AZ/ "Avropada hələ də həll olunmamış münaqişələr problemi qalmaqdadır".
"Report"un məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş prezidenti Pedro Aqramunt Assambleyanın sessiyası çərçivəsində çıxışı zamanı deyib.
Həll olunmamış münaqişələri AŞPA üçün çağırış kimi qələmə verən P.Aqramunt hələ də Dağlıq Qarabağ, Dnestryanı, Ukrayna və Gürcüstan münaqişələrinin həll olunmadığını qeyd edib.
Onun sözlərinə görə, bu məsələlər, o cümlədən təhlükəsizliyin təmin edilməsi problemi və miqrasiya böhranı yaxın gələcəkdə AŞPA-nın gündəmində əsas yeri tutacaq.
Terrorizm problemindən danışan P.Aqramunt müsəlman icmasını terrora qarşı mübarizədə müttəfiq kimi qəbul etməyin lazım olduğunu qeyd edib. O, həmçinin müsəlmanlara qarşı ayrı-seçkiliyin yolverilməz olmasını və radikalizmlə mübarizənin əhəmiyyətini vurğulayıb.