Yuxarı

Paskal Monye: "Azərbaycanda dostluq və qonaqpərvərlik gördüm " - MÜSAHİBƏ

Biz qətiyyətlə tərəflərin dialoqu bərpa etməsinə görə səylərimizi davam edirəcəyik və ümid edirik ki, kompromis əldə olunacaq

Bakı. 26 oktybar. REPORT.AZ / Fransanın Azərbaycandakı sabiq səfiri Paskal Monyenin "Report"a müsahibəsi

- Cənab səfir, Sizin Azərbaycandakı fəaliyyətiniz zamanı Azərbaycan və Fransa arasındakı əlaqələrdə hansı dəyişikliklər baş verdi? Hansı layihələr həyata keçirildi?

- Fransa və Azərbaycan arasındakı ikitərəfli əlaqələr son üç ildə xeyli inkişaf etdi.

Siyasi sferaya gəlincə, iki ölkə prezidentləri müntəzəm olaraq görüşür. Prezident Olland iki dəfə Bakıya gəlib - 2014-cü ilin mayında və 2015-ci ilin aprelində. Prezident Əliyev isə öz növbəsində iki dəfə Parisdə olub - 2012-ci ilin sentyabrında və 2014-cü ilin oktyabrında.

İqtisadi sferadakı əməkdaşlığımız da böyük gələcək vəd edir. Fransanın 30 şirkəti Azərbaycan bazarında fəal çalışır. Bakıdakı ilk Avropa Oyunlarından etibarən IVECO avtobusları şəhər küçələrində reysə buraxılır. Bu avtobuslar artıq tam şəkildə paytaxt nəqliyyatına inteqrasiya olunub. Onlar rahatlığı, təhlükəsizliyi və ətraf mühitə ziyan verməməsi ilə azərbaycanlı sərnişinlərə xidmət göstərir. Bu, çoxsaylı nümunələrdən biridir.

"Alstom" şirkəti ölkəyə lokomotivlər gətirəcək və hazırda metronun modernləşdirilməsi proqramında iştirak edir. "Systra" şirkəti layihələndirmə, "Bouygues" tikinti, "Thales" isə siqnal sistemləri sahəsində fəaliyyət göstərir. Nəqliyyat, energetika, ətraf mühit, kənd təsərrüfatı sahəsində əməkdaşlıq da sürətlə və geniş inkişaf etməkdədir.

Bizim ikitərəfli əməkdaşlığımız, həmçinin təhsil və mədəniyyət sahəsində çox fəal olub. Fransa və Azərbaycan birgə universitet yaratmaq layihəsi üzərində işləyir. Bu məqsədlə ikitərəfli işçi qrupu yaradılıb. İşçi qrupun ilk iclası isə bu həftə təşkil ediləcək. Bakı Fransız Liseyi tərkibinə bir neçə fransız müəllimin də daxil olduğu tam yenilənmiş pedaqoji komanda ilə fəaliyyətinin üçüncü ilinə başlayıb.

Gedişimdən öncə görüşmək şərəfinə nail olduğum ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Azərbaycanın təbliği və təşviqi məsələlərində Fransada çox fəaldır. Ötən üç il müddətində Fond bir neçə əhəmiyyətli mədəni təşəbbüslərlə çıxış edib. Məsələn, Parisdə Luvr muzeyində İslam mədəniyyətinə aid zalların yenilənməsində onlar birbaşa iştirak edib.

- Fransanın Azərbaycandakı səfiri vəzifəsində fəaliyyətinizi necə qiymətləndirirsiz?

- Hesab edirəm ki, ölkələrimiz arasında anlayış və inam səviyyəsinin, eləcə də ikitərəfli dialoqların səviyyəsinin yüksəldilməsi baxımından komandamla birgə vacib missiyanı həyata keçirdik. Necə deyərlər, tanqo oynamaq üçün iki tərəf lazımdır. Azərbaycan hökuməti, Azərbaycandakı özəl sektor, eləcə də fransız dili müəllimləri, tələbələr və s. əməkdaşlığımızın daha da dərinləşməsinə maraq göstərdi. Fransa tərəfi isə gələcəkdə də bu yolu oktyabarın 27-də Bakıya gələcək xələfim Aureliya Buşe ilə davam etdirəcək. Onu şəxsən tanıyıram, yaxın dostumdur. Sizi əmin edə bilərəm ki, o, çox peşəkar və təcrübəli diplomatdır. Daha öncə xanım Buşe Avropa İttifaqının Astanadakı səfiri olub. O, Bakıya gələcəyinə görə məmnundur.

- Burada işləyərkən Azərbaycan və Azərbaycan xalqı barədə daha çox şey öyrənə bildiniz? Azərbaycanda topladığınız təcrübəni gələcək fəaliyyətinizdə istifadə etməyi planlaşdırırsınızmı?

- Mən burada dostluq və qonaqpərvərlik gördüm. Azərbaycan həmişə tolerantlıq ənənələri olan müsəlman ölkəsidir. Azərbaycan xalqı çox səmimidir. Mənim burada əlaqəni itirməyəcəyim çoxlu dostum var. Paris Bakıdan cəmi beş saatlıq uçuş məsafəsindədir, internetin mövcudluğuyla isə məsafələr yox olur.

- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli hələ də reallaşmayıb. Bu məsələdə Fransanın rolunu və onun həllolma perspektivlərini necə görürsünüz?

- Fransa, ABŞ və Rusiyadan olan Minsk qrupunun həmsədrləri bu çətin və ağrılı münaqişənin sülh yolu ilə həllini tapması üçün hər iki tərəflə - Azərbaycan və Ermənistanla fəal iş aparırlar. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İki ölkə arasında artan gərginlik bizi narahat edir. Həmsədrlər bu həftə Bakıya gələcək. Biz qətiyyətlə tərəflərin dialoqu bərpa etməsinə görə səylərimizi davam edirəcəyik və ümid edirik ki, kompromis əldə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi