​Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan kitablarının təqdimatı keçiriləcək

​Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan kitablarının təqdimatı keçiriləcək Tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq
Xarici siyasət
27 Noyabr , 2014 18:26
​Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan kitablarının təqdimatı keçiriləcək
Bakı. 27 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr etdiyi “Odun cazibəsi” (Elegance of Fire) və “Günahsızların qırğını” (The Massacre of İnnocents) kitablarının təqdimat mərasimi keçiriləcək. Bu barədə “Report”a Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.

Tədbir çərçivəsində müəllifin Azərbaycandan çəkdiyi fotolardan ibarət sərgi də açılacaq.

Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” (Elegance of Fire) kitabına Reza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar daxildir. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və s. məqamlar öz əksini tapıb. Müəllif, eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. Kitab təqdimatı çərçivəsində açılacaq sərgi dekabrın 7-dək davam edəcək.

Fondun dəstəyi ilə işıq üzü görən “Günahsızların qırğını” (The Massacre of İnnocents) kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acılarını, Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün şəhərcikdən fotolar da yer alıb.

Qeyd edək ki, Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.

Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib.

2013-cü ildə Parisdə Reza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib. Sərgi, həmçinin Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qəraragahında, Avropa Parlamentində nümayiş olunub.

Onu da əlavə edək ki, Reza Deqatinin Azərbaycana həsr olunan kitablarının noyabrın 28-də keçiriləcək təqdimat mərasimi artıq Fransa ictimaiyyətinin marağındadır. Ölkənin bir sıra media orqanlarında nəşr edilən kitablar və izləyiciləri gözləyən sərgi barədə materiallar dərc olunub.

Son xəbərlər

Orphus sistemi