Parisdə Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi qeyd edilib

Xarici siyasət
  • 26 iyun, 2023
  • 13:45
Parisdə Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illik yubileyi Fransanın paytaxtı Parisdə təntənəli qeyd olunub.

"Report"un yerli bürosu xəbər verir ki, rəsmi qəbulda Fransanın tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Fransadakı səfir və hərbi attaşeləri, diplomatlar, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan və Fransanın dövlət himnləri səsləndirilib.

Daha sonra Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva çıxış edib. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib və 1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Azərbaycanın ilk milli diviziyasının yaradıldığını bildirib.

Səfir Azərbaycan Silahlı Qüvvələri tarixinin qəhrəmanlıq səlnaməsi olan 44-günlük Vətən müharibəsindən söz açaraq, 2020-ci ilin sentyabrın 27-də erməni hərbi təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş Azərbaycanın 20 faiz ərazilərinin azad olunduğunu, Ermənistanın kapitulyasiyaya məcbur edildiyini və beləliklə ölkənin beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpa olunduğunu bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin Fransadakı hərbi attaşesi polkonik-leytenant Cavid Abdullayev isə tədbirdə çıxış edərək bildirib ki, zəngin təbii sərvətlərə və strateji əhəmiyyətli coğrafi mövqeyə sahib olan Azərbaycan xalqı əsrlər boyu güclü dövlətlərin təzyiqlərinə və hərbi təcavüzlərinə ciddi müqavimət göstərərək müstəqillik, dövlətçilik uğrunda mübarizə aparıb.

Hərbi attaşe yüksək peşəkarlığa malik və müasir silahlarla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək və ölkənin potensial təhlükəsizlik çağırışlarına cavab verməyə qadir olmaqla yanaşı, həm də regional və qlobal sülhə və təhlükəsizliyə mühüm töhfələr vermək iqtidarında olduğunu vurğulayıb.

O, Azərbaycan ilə Fransa arasında digər sahələrdə olduğu kimi hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub