Parisdə AŞPA-nın komitə və büro iclasları keçirilib

Parisdə AŞPA-nın komitə və büro iclasları keçirilib Azərbaycanla bağlı hər hansı məsələ müzakirə edilmədi
Xarici siyasət
9 Dekabr , 2014 21:10
Parisdə AŞPA-nın komitə və büro iclasları keçirilib
Bakı. 9 dekabr. REPORT.AZ/ Avropa Şurasının Parisdəki ofisində AŞPA-nın siyasi məsələlər və demokratiya komitəsinin və bürosunun iclasları keçirilib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclaslar barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, siyasi məsələlər və demokratiya komitəsinin iclası bizim üçün çox vacib idi. Ona görə ki, bu iclasda Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı təyin olunmuş məruzəçi britaniyalı deputat Robert Valter öz ilkin təqdimatını keçirdi və komitə üzvləri qarşısında qısa, amma çox mühüm məlumatlar verdi. O, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirdiyini diqqətə çatdırdı.

"Ən əsası odur ki, məruzəçi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü barədə komitə üzvlərini məlumatlandırdı. A.Kaspşik bu görüş zamanı onun AŞPA-da məruzəçi kimi fəaliyyətə başlamasının Minsk qrupu tərəfindən dəstəkləndiyini bildirib. Bununla da Ermənistan nümayəndə heyətinin dəfələrlə AŞPA-da qaldırdığı məsələ - “AŞPA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməklə Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mənfi təsir göstərəcək” fikri tamamilə ifşa olundu. Bu, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələ idi.

Bundan əlavə, qeyd etmək istəyirəm ki, R.Valter öz çıxışında həm Azərbaycana, həm də Ermənistana səfər etməsinə dair planlarını açıqladı. Böyük ehtimalla onun səfəri gələn ilin fevral ayına təsadüf edəcək. Bu da özlüyündə vacib məsələdir. Erməni tərəfi istəsə də, istəməsə də bu məslə ilə bağlı məruzənin hazırlanmasında iştirak etməlidir. Əks halda, onlar özlərini bir daha ifşa etmiş olacaqlar. Əminəm ki, onlar bu fikirdən daşınıb konstruktiv təklifə öz münasibətlərini bildirməlidirlər. Bunu etmədikləri təqdirdə AŞPA-da böyük problemlərlə qarşılaşacaqlar.

AŞPA-nın bu il üçün sonuncu bürosunda isə Assambleyanın gələn ilin yanvarında keçiriləcək sessiyasının gündəliyi ilə yanaşı, qurumun maliyyə və digər məsələləri də müzakirə olundu.

Müzakirələr zamanı AŞPA-ya aid müxtəlif məsələlər qaldırıldı. Azərbaycanla bağlı hər hansı məsələ müzakirə edilmədi”, - deyə S.Seyidov qey edib.

O, həmçinin dekabrın 11-də AŞPA monitorinq komitəsinin iclasının keçiriləcəyini, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Serbiyada vəziyyətlə bağlı məruzə ilə çıxış edəcəyini də bildirdi.

Son xəbərlər

Orphus sistemi