“Martın sonunda ABŞ-da keçiriləcək ikinci “Demokratiya Sammiti”nin demokratik dəyərlərlə heç bir əlaqəsi yoxdur”.
“Report” xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm deyib.
Analitik xatırladıb ki, Pakistan birinci sammitə dəvət olunsa da, ölkə rəhbərliyi dəvətdən imtina edib, çünki bu tədbir demokratiya ilə bağlı deyil.
Bundan başqa, Əkrəmin fikrincə, dəvət olunan ölkələrin seçimi də qəribədir: “ABŞ bunun üçün qəribə meyarlardan istifadə edir. Bir sıra inkişaf etməkdə olan Afrika ölkələrini sammitə dəvət edərkən Türkiyəni, hətta Avropa İttifaqı üzvü olan Macarıstanı dəvət etməmək qərarı başadüşülən deyil”.
O, belə kriteriyaların ABŞ-ın qərəzinə əsaslandığını, bunun həm də Vaşinqtondakı bəzi diaspor nümayəndələrinin aşkar lobbiçilik fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. “Ermənistanın sammitə dəvət olunmasını başqa cür izah etmək mümkün deyil. Bu ölkə demokratik prinsiplərdən və insan hüquqlarına hörmətdən uzaqdır”, - analitik əlavə edib.
Əkrəmin fikrincə, Ermənistanda insan haqları sahəsində ciddi pozuntular var: media nümayəndələrinə təzyiq və hücum halları, bir sıra vətəndaşların siyasi motivlərlə ölkəyə girişinə qadağa, siyasi partiyaların nümayəndələrinin təqib və həbs edilməsi və s.
“Buna görə də ABŞ-ın Ermənistanı Demokratiya Sammitinə dəvət etmək qərarı böyük suallar doğurur və Cənubi Qafqaz regionu ölkələrinə ikili standartlı yanaşma olduğunu nümayiş etdirir”, - analitik fikrini yekunlaşdırıb.