Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib

Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərininin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.
Xarici siyasət
197
16 İyun , 2021 17:46
Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib

Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, bu münasibətlə keçirilən açılış mərasimində Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan, Peşəvər şəhər bələdiyyəsinin baş direktoru Mian Şafiq Ur Rəhman, şəhər komissarının müavini Xalid Xan, ictimai-siyasi xadimlər, eləcə də Pakistanın KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan baş direktor Mian Şəfiq Ur Rəhman, qonaqları salamlayaraq Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib və Nizami Gəncəvi prospektinin açılışının qardaş ölkələr arasındakı əlaqələrin yüksək göstəricisinin bariz nümunəsi olduğunu ifadə edib.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu il ölkəmizdə Azərbaycanın böyük şairi, filosofu və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini bildirərək, dahi şair haqqında geniş məlumatları iştirakçıların diqqətinə təqdim edib. Səfir Prezident İlham Əliyevin sərəncam imzalayaraq 2021-ci ili Azərbaycanda Nizami Gəncəvi ili elan etdiyini vurğulayaraq, Nizami Gəncəvi ilinin elan edilməsinin, onun nadir poeziyasının araşdırılmasına, öyrənilməsinə və dünyada geniş təbliğinə növbəti böyük töhfə olduğunu qeyd edib.

Əli Əlizadə Nizami Gəncəvinin çoxsaylı davamçılar yetişdirmiş böyük bir ədəbi məktəbin təməlini qoyduğunu, onun məşhur və solmaz Xəmsəsinin dünya poetik-fəlsəfi düşüncənin zirvəsində dayandığını vurğulayıb.

Səfir həmçinin, Peşəvərin Universitet şəhərciyindəki prospektə Nizami Gəncəvinin adının verilməsinin onun dərin irsinə, eləcə də Pakistan xalqı tərəfindən böyük şair və filosofun təşviq edilməsinə göstərilən əlavə bir töhfə olduğunu ifadə edib. Əli Əlizadə davamlı əməkdaşlıq niyyətinə, dəstəyə və əlaqələrimizin genişləndirilməsində və gücləndirilməsində göstərilən qətiyyətə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü çatdırıb və tarixi Peşəvər şəhərində Nizami Gəncəvi prospektinin açılışının sarsılmaz dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə hər iki ölkənin qərarlığının təzahürü olduğunu qonaqların diqqətinə çatdırıb.

Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan öz növbəsində çıxış edərək ilk öncə Vətən müharibəsində qazanılan zəfər münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Nazir Pakistan və Azərbaycan arasındakı qardaşlıq əlaqələrindən söz açaraq hər iki ölkənin beynəlxalq arenada bir-birini daim dəstəkləməsindən məmnunluğunu bildirib, Azərbaycanın hər zaman Pakistanın yanında olmasını yüksək qiymətləndirib. Əkbər Əyyub Xan həmçinin Peşəvər şəhərində yeni açılmış Nizami Gəncəvi prospektinin ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənərək möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu ifadə edib və prospektin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına verilməsi ilə bağlı rəsmi bildiriş sənədini səfir Əli Əlizadəyə təqdim edib.

Tədbirdə çıxış edən Peşəvər şəhərinin komissarının müavini Xalid Xan və Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru Məhəmməd Asif Nur ölkələrimiz arasındakı səmimi münasibətlərə toxunaraq, iki ölkənin xalqları arasındakı möhkəm bağlardan danışıblar. Çıxışçılar Bakı Dövlət Universitetində fəaliyyət göstərən urdu dili departamenti, Azərbaycanda olan Pakistanın görkəmli şairi Məhəmməd İqbalın tədqiqatı mərkəzi və Pakistan ədəbiyyatı mərkəzi, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq həyata keçirilən sosial-humanitar layihələr haqqında fikirlərini bölüşüblər, həyata keçirilən layihələrə görə Fonda, eləcə də ölkəmizin Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını çatdırıblar.

Tədbirdə həmçinin, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin xatirəsinə dualar oxunub və ağac əkilib.

Tədbir zamanı Nizami Gəncəvi haqqında məlumatları və onun əsərlərini özündə əks etdirən kitablar və suvenirlər də qonaqlara təqdim olunub.

Son xəbərlər

Orphus sistemi