Pakistanın Azərbaycandakı səfirliyində Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı “İstismar Günü” tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbir Quran ayəsinin oxunması ilə başlayıb.
Bundan sonra Pakistan Prezidenti Asif Əli Zərdarinin müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Hindistan Cammu və Kəşmiri qanunsuz şəkildə işğal edib: "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Cammu və Kəşmir mübahisəsi sülh yolu ilə həll olunmalıdır".
Daha sonra Pakistanın Baş naziri Şahbaz Şərifin mesajı çatdırılaraq beynəlxalq ictimaiyyətə BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulduğu kimi Kəşmir xalqının istəklərini nəzərə alan həllin təmin edilməsində öz rolunu oynamaqla bağlı çağırış edilib.
Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Qasım Mohiuddin vurğulayıb ki, Hindistan qanunsuz şəkildə Cammu və Kəşmiri işğal edib və insanları təməl hüquqlarından məhrum qoyub. O, Azərbaycan hökumətinə və xalqına da bu məsələdəki mövqeyinə görə təşəkkür edib: "Azərbaycan Qarabağı işğaldan azad etdi. Ümid edirik, tezliklə Kəşmir də işğaldan azad olunacaq".
Tədbirdə Cammu və Kəşmir xalqı ilə həmrəylik ifadə olunaraq onların öz müqəddəratını təyinetmə hüququna sarsılmaz siyasi, mənəvi və diplomatik dəstək bir daha vurğulanıb.
Son olaraq Cammu və Kəşmirlə bağlı qısa film nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Cammu və Kəşmir hadisələri insan hüquqlarının pozulmasıdır. Bu ərazilərin işğalı nəticəsində mülki şəxslərə qarşı güc tətbiq olunub, insanlar qanunsuz şəkildə həbs edilib, onların ifadə azadlığı məhdudlaşdırılıb. Cammu və Kəşmirdə insan haqlarının getdikcə pisləşən vəziyyətini həll etmək üçün çağırış edilib.