Oqtay Hüseynov: "Heydər Əliyevin informasiya blokadasını yarması nəticəsində 20 Yanvar faciəsi dünyaya məlum oldu"

Oqtay Hüseynov: "Heydər Əliyevin informasiya blokadasını yarması nəticəsində 20 Yanvar faciəsi dünyaya məlum oldu" "Mətbuat konfransı zamanı təxribatçılar Heydər Əliyevin çıxışına mane olmağa çalışıb, ancaq qısa müddətdə bu cəhdlərin qarşısı alınıb"
Xarici siyasət
23 Yanvar , 2017 17:00
Oqtay Hüseynov: Heydər Əliyevin informasiya blokadasını yarması nəticəsində 20 Yanvar faciəsi dünyaya məlum oldu

Moskva. 23 yanvar. REPORT.AZ/ "Heydər Əliyev informasiya blokadasını yarmışdı və nəticədə Bakıda törədilmiş 1990-cı ilin 20 Yanvar hadisələri bütün dünyaya məlum olmuşdu".

Bunu "Report"un Moskva müxbirinə müsahibəsində "Moskva Azərbaycan icması"nın rəhbəri, Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov deyib.

"O vaxt  yanvarın 20-də səhər saatlarından Moskvanın dörd bir yanından azərbaycanlılar daimi nümayəndəliyə gəlməyə başladı. Artıq elə orada "Dayaq" təşkilatının üzvləri ilə birlikdə "Moskva Azərbaycan icması"nın Təşkilat Komitəsini təşkil etdik" - O.Hüseynov bildirib.

Onun sözlərinə görə, yanvarın 21-də ümummilli lider Heydər Əliyevin daimi nümayəndəliyə gələcəyi məlum olub: "Onun mühafizəsi üçün gənclərdən bir qrup təşkil etdik, çünki onun xüsusi xidmət orqanlarının məxfi nəzarəti altında olduğunu bilirdik. Amma Heydər Əliyev Azərbaycan xalqının əsl oğlu kimi, heç bir təhlükəyə baxmayaraq, oğlu, Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyev ilə birlikdə daimi nümayəndəliyə gələrək faciəvi hadisələrlə əlaqədar Azərbaycan xalqına, Azərbaycanın rəsmi nümayəndəsi Zöhrab İbrahimova başsağlığı verdi."

Dosent qeyd edib ki, bundan sonra daimi nümayəndəliyin binasına müxtəlif yerli və xarici KİV nümayəndələri gəlməyə başlayıb.

"Heydər Əliyev KİV üçün mətbuat konfransı keçirmək qərarına gəldi. Bu tədbiri lazımi səviyyədə təşkil etdik. Mətbuat konfransı zamanı təxribatçılar Heydər Əliyevin çıxışına mane olmağa çalışıb, ancaq qısa müddətdə bu cəhdlərin qarşısı alınıb. Onun çıxışı partlamış bomba effekti yaratdı. Çünki ilk dəfə Politbüronun (Siyasi Büro - red.) keçmiş üzvü baş verən faciəyə görə birbaşa SSRİ-nin ali rəhbərliyini, xüsusilə Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovu ittiham etdi. Xarici KİV-in vasitəsilə Bakı hadisələri barədə bütün dünya xəbər tutdu. Bununla həm də informasiya blokası yarılmış oldu", - icma rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Heydər Əliyevin belə addım atması xalqı ilhamlandırdı və Moskvada yaşayan azərbaycanlılarda ədalətin bərqərar olacağına dair əminlik yaratdı.

O.Hüseynov vurğulayıb ki, Heydər Əliyev "Moskva Azərbaycan icması"nın Təşkilat Komitəsinə xeyir-dua verib və bundan sonra bir həftəyə 20 yanvar hadisələrində zərərçəkənlərə tibbi və digər yardımların edilməsi üçün 72 min rubl məbləğində pul vəsaiti toplanıb.

Xatırladaq ki, bu il yanvarın 20-də Moskvada yaşayan yüzlərlə azərbaycanlı 1990-cı ilin qanlı yanvar hadisələrinin ildönümünü qeyd etmək və həlak olan həmvətənlərimizin xatirəsini yad etmək məqsədilə Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında toplaşıb.

Son xəbərlər

Orphus sistemi