Yuxarı

Spiker Oqtay Əsədov Pakistan xalqına başsağlığı verib

Milli Məclisin sədri Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin iqamətgahında olub

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Pakistan İslam Respublikasının Peşəvar şəhərində çoxsaylı insan tələfatına səbəb olan terror aktının qurbanlarının ailələrinə və Pakistan xalqına başsağlığı vermək məqsədilə bu ölkənin Bakıdakı səfirliyinin iqamətgahına gedib. Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser ilə söhbət zamanı Oqtay Əsədov qeyd edib ki, Pakistan Azərbaycana dost ölkədir və orada baş verən qanlı faciə Azərbaycan xalqını həddinən artıq sarsıdıb. "Hər bir Azərbaycan vətəndaşı Pakistan xalqının kədərinə şərik olur və gələcəkdə bu cür hadisələrin baş verməməsini arzulayır. Azərbaycan terrorizmin ağrı-acısını bilən ölkə kimi hər zaman terroru pisləyir və terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe tutur. Azərbaycan dövləti və xalqı bu ağır günlərdə Pakistan xalqının daim yanındadır və inanırıq ki, Pakistan dövləti terrorizmin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edərək bu bəlanın kökünü kəsəcək".

Başsağlığına görə minnətdarlığını bildirən səfir Xalid Usman Qayser bir daha Pakistanın Peşəvar şəhərindəki hərbi məktəbə silahlı hücum və terror nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu dəhşətli terror hadisəsi ilə əlaqədər Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək terrorizmin dəhşətli bəla olduğunu və onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini qeyd edib: "Bu bir daha onu göstərir ki, Azərbaycan Pakistana dost və qardaş ölkədir və Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətlidir". Səfir Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib. 

O.Əsədov səfirliyin xatirə kitabına ürək sözlərini yazıb və bir daha Pakistan xalqına başsağlığı verib. 

Qeyd edək ki, tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və digər rəsmi şəxslər iştirak edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi