Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, bu hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.
Qeyd olunub ki, hesabatın hazırlanmasında Ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.
Ombudsman öz hesabatında beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edib və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səyləri birləşdirməyə çağırıb.