Müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "İz" sənədli filminin ABŞ-nin Nyu-York şəhərində premyerası keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi nümayəndəliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Türk Evi"ndə baş tutan təqdimat mərasimdə türk dövlətlərinin BMT yanında Daimi nümayəndələri, baş konsulları, digər diplomatları, eləcə də Nyu-York və ətraf ərazilərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Gecədə çıxış edən Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Yaşar Əliyev qonaqları salamlayıb və türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.
Səfir Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən "İz" sənədli filminin Ümummilli Liderə həsr olunmuş unikal ekran əsəri olduğunu deyib: "Heydər Əliyevin həyatı, vətənininə və xalqına bağlılığı, Azarbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi və torpaqlarımızın işğaldan azad edilməsi naminə apardığı ardıcıl və çoxşaxəli siyasəti, öz sözləri, onun öz fikirləri və öz çıxışları filmdə toplanıb. Nəticədə böyük, təkrarolunmaz ekran əsəri yaradılıb".
Mərasimdə Türkiyənin BMT-dəki Daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Sedat Önal Ümummilli Liderə həsr olunmuş filmin təqdimatının "Türk Evi"ində keçirilməsindən qürur hissi keçirdiyini dilə gətirib. Diplomat Ulu Öndər Heydər Əliyevin sadəcə Azərbaycan xalqı və dövləti qarşısında deyil, türk dünyasına bəxş etdiyi əvəzsiz tarixi xidmətlərindən söz açıb: "Türk dünyası var olduqca Heydər Əliyev hər bir türk övladının qəlbində yaşacaq".
Daha sonra qonaqlar "İz" sənədli filmini izləyiblər.
Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı vaxtlardakı çıxışları əsasında qurulub və Ulu Öndərin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf konsepsiyasını əks etdirir.
Ümummili Liderin nadir görüntüləri və tarixi çıxışlarının qeyd olunduğu filmdə onun Naxçıvanda keçən uşaqlığı, valideynləri haqqında unudulmaz xatirələri, Heydər Əliyevin ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi, xalqla görüşləri və səmimi etirafları öz əksini tapıb.
Ekran əsərində, həmçinin Ümummilli Liderin vətəninə və xalqına bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində yürütdüyü ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması filmdə yer alıb.
Ekran əsəri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
ABŞ-nin Nyu-York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdiriləcək.
“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təqdim olunan filmin premyerası Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.