Nihal Saad: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır
- 26 oktyabr, 2026
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsində BMT-nin Sivilizasiyalar Alyansının mühüm tərəfdaşıdır.
"Report" xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il forum 15 illiyini qeyd edir. Saad vurğulayıb ki, güclənən qlobal parçalanma fonunda bu gün mədəniyyətlərarası dialoqa ehtiyac 15 il əvvəlkindən daha kəskin xarakter alıb.
Forumun tədbirlərindən biri "Dinlərin dialoqu - ortaq gələcəyə aparan yol xəritəsi" mövzusunda plenar iclas olacaq. İştirakçılar sülhün möhkəmləndirilməsində, barışıqda və sosial həmrəylikdə dini icmaların rolunu, eləcə də dini dözümsüzlüyə qarşı mübarizəni müzakirə edəcəklər.
Forum ərəfəsində BMT-nin Sivilizasiyalar Alyansı Qubada Beynəlxalq Gənclər Forumu təşkil edib. Tədbirdə Azərbaycan da daxil olmaqla, 44 ölkədən 100-dən çox gənc iştirak edib.
"İştirakçılar öz icmalarının problemlərini müzakirə edib, qarşılıqlı hörmət, etimad və birliyin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə qoşulublar. Proqrama həmçinin müxtəlif ölkələrin nümayəndələri arasında futbol matçı da daxil edilib", - o vurğulayıb.
N.Saad bildirib ki, forum çərçivəsində Bakıda "OneHumanity Concert: Our Oldest Future" adlı konsert proqramı baş tutacaq. Süni intellektin köməyi ilə səhnədə XX əsrin görkəmli musiqiçiləri Mstislav Rostropoviç və Pablo Kazalsın obrazları canlandırılacaq.
Onun sözlərinə görə, konsert mədəniyyət və incəsənətin, insanlar arasında mövcud sərhədlərdən asılı olmayaraq, onları birləşdirmək qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.
N.Saad vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafı, münaqişələrin qarşısının alınması və sülhün möhkəmləndirilməsi üçün mühüm beynəlxalq platforma olaraq qalır.