Yuxarı

​Nazir Ramil Usubov Türkiyənin ordu generalını qəbul edib

Abdullah Atay ölkənin günü-gündən gözəlləşməsinin onun təsəvvür etdiyindən də artıq olmasından məmnunluğunu bildirib

Bakı. 12 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Abdullah Atayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə “Report”a Azərbaycan DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Abdullah Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Usubov Azərbaycanda ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdıran ordu generalı Abdullah Atay ölkənin dinamik inkişafının, günü-gündən gözəlləşməsinin onun təsəvvür etdiyindən də artıq olmasından məmnunluğunu bildirib.

Jandarm Qüvvələrinin Baş Komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqların mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi