Yuxarı

Nazir müavini: "Azərbaycan fövqəladə halların qarşısının alınması sahəsində Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir"

ADA Universitetində fövqəladə və texnogen fəlakətlərin qarşısının alınması proqramı çərçivəsində layihələrin təqdimatı keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ "Azərbaycan radiasiyanın qarşısının alınması, tikinti və ərzaq təhlükəsizliyi kimi sahələrdə müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə "ADA" Universitetində keçirilən fövqəladə və texnogen fəlakətlərin qarşısının alınması və ona cavab verilməsi proqramı (PPRD EAST2) çərçivəsində layihələrin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq özündə tvinninq layihələri, texniki dəstəyin göstərilməsini, təcrübə mübadiləsini ehtiva edir: "Fövqəladə Hallar Nazirliyi "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində mülki müdafiə sahəsində Aİ ilə sıx əməkdaşlıq edir. Bu proqram çərçivəsində Azərbaycan FHN-i İran, Türkiyə, Nepal və Tacikistan kimi ölkələrə humanitar yardım göstərib".

Öz növbəsində, Aİ-nin Azərbaycandakı səfiri Malena Mard təbii fəlakətlərin qarşısının alınması məsələsində birgə işləməyin çox əhəmiyyətli olduğunu qeyd edib. Səfirin sözlərinə görə, FHN ilə əməkdaşlıq Aİ-Azərbaycan əlaqələrinin ayrılmaz tərkib hissəsidir. O, bu proqram və simulyasiya təlimlərinin hansısa qəza halında necə hərəkət etmək lazım gəldiyi barədə biliklərin artırılmasına imkan verəcəyinə əminliyini ifadə edib.

Sonra təlim komandasının rəhbəri Sergey Anaqnosti həyata keçirilən proqram barəsində ətraflı məlumat verib. Qeyd olunub ki, proqramın ilk mərhələsi 2010-cu ilin dekabrından 2014-cü ilin sentyabrına qədər davam edib. İlk mərhələnin məqsədləri üçün 6 milyon avro xərclənib: "2014-cü ilin dekabr ayından start götürən ikinci mərhələ üçün artıq 5,5 milyon avro xərclənib. Bu mərhələ 2018-ci ilin noyabrına qədər davam edəcək. İkinci mərhələdə iştirak edənlərin ümumi sayı 572 nəfər olub".

Qeyd edək ki, Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində maliyyələşdirilən təlimlər fevralın 24-25-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi