Nazir: "Bu ilin sonunda Ermənistanla birbaşa təmaslar sayəsində müəyyən nəticələr əldə olunub"

Xarici siyasət
  • 28 dekabr, 2023
  • 11:44
Nazir: Bu ilin sonunda Ermənistanla birbaşa təmaslar sayəsində müəyyən nəticələr əldə olunub

Bu ilin sonunda Ermənistanla birbaşa təmaslar sayəsində müəyyən nəticələr əldə olunub.

“Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin (XİN) ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı təsir edə bilər: “Ermənistanla sülh prosesi barədə danışırıq, lakin burada mühit çox önəmlidir. Bu mənada, dekabrda baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri hesab oluna bilər. Bu razılıq iki ölkə arasında əldə olunub, üçüncü ölkə iştirak etməyib və bu, vacib prosesdir. Sülh gündəliyində bir sıra mühüm proseslər var".

Nazir qeyd edib ki, noyabrda sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşünün sərhəddə baş tutması və bu prosesin iki ölkə arasında baş verməsi müsbət hadisədir: "2023-cü ilin sonunda müəyyən müsbət nəticələr birbaşa təmaslar sayəsində əldə olunub. 2024-cü ildə hansı nəticələrin əldə olunacağını demək bir qədər çətindir. Ancaq prosesə nikbin baxırıq. Biz öz tərəfimizdən legitim maraqlarımızı nəzərə alaraq və beynəlxalq hüququ əsas götürərək addımlar atmağa hazır olacağıq".