Nazir: "Ermənistan Qarabağ münaqişəsinin nizamlanması məsələsində destruktiv siyasətini bir daha ortaya qoyub"

Nazir: "Ermənistan Qarabağ münaqişəsinin nizamlanması məsələsində destruktiv siyasətini bir daha ortaya qoyub" Elmar Məmmədyarov İƏT Xarici İşlər Nazirləri Şurasının 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxış edib
Xarici siyasət
12 Aprel , 2016 13:24
Nazir: Ermənistan Qarabağ münaqişəsinin nizamlanması məsələsində destruktiv siyasətini bir daha ortaya qoyub

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxış edib.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov çıxışında təəssüflə qeyd edib ki, keçən görüşdən bəri İslam dünyasında ümumi vəziyyətin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bəyan etmək mümkün deyil: "Əksinə, İslam dünyasının qarşılaşdığı təhdidlərin əhatə dairəsi artmışdır. Azərbaycan təkcə viran olmuş şəhərlərə və mülki şəxslərin qətlə yetirilməsinə görə deyil, eyni zamanda uzunmüddətli humanitar və qaçqın problemləri yaradan müharibələrin nəticələrinə və bir sıra ölkələrdə baş verən hərbi münaqişələrə görə dərin narahatçılığını ifadə edir".

Azərbaycan Fələstin məsələsinə dair İƏT-in baş katibi tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirdiyini deyən nazir Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin yaradılması mübarizəsində özünün hərtərəfli dəstəyini vurğulayıb.

"Biz İƏT-in islamofobiyaya qarşı apardığı mübarizəsini təqdir edirik. Zorakı ekstremizm və terrorizmin vurduğu zərbələr bu cür neqativ tendensiyaların mövcudluğunun əsas səbəblərindən biridir. Bu qeyri-insani və pis niyyətli hərəkətlər sülhün və ədalətin düşmənləri tərəfindən həyata keçirilir. Yalnız birgə səylər və həmrəylik nəticəsində belə hallara qarşı səmərəli mübarizə aparıla bilər. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri olan terrorizmin bütün forma və təzahürlərini pisləyir", - nazir deyib.

Məmmədyarov qeyd edib ki, bu ayın 2-də Ermənistan atəşkəsi kobud surətdə pozaraq və Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində destruktiv siyasətini bir daha ortaya qoymuş oldu: "Bu təxribat əməlinə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə adekvat cavab verilmiş və Erməni silahlı qüvvələrinin hücumu dəf edilmişdir. Bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla dünyaya öz əsas niyyətini nümayiş etdirir. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı, öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxartmağı və BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirməyi tələb etməyə çağırır".

Son xəbərlər

Orphus sistemi