Münhen şəhərinin Baş prokuroru ölkəmizə səfərə gəlib

Münhen şəhərinin Baş prokuroru ölkəmizə səfərə gəlib Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Xarici siyasət
25 Yanvar , 2023 14:48
Münhen şəhərinin Baş prokuroru ölkəmizə səfərə gəlib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə "Report"a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda keçirilən görüşdə qonaqları səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında tarixi köklərə söykənən əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Kamran Əliyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən 2020-ci ilin iyun ayında təsdiq olunmuş yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar və əmlakların bərpası üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.

Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Reinhald Röttle ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu deyib. Qonaq rəhbərlik etdiyi Bavariya vilayətinin prokurorluq orqanları ilə ölkəmizin prokurorluq orqanları arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.

Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın zəruri olduğu vurğulanıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Beynəlxalq Prokurorlar Assosiasiyası və Avrocast çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann da iştirak edib.

"Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir. Qonaqlar prokurorluğun fəaliyyəti, həmçinin ölkəmizin tarixi, milli-mədəni abidələri ilə tanış olacaqlar", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi