Yuxarı

Mövlud Çavuşoğlu: "İŞİD-ə qarşı mübarizədə dünyanın vahid planı yoxdur"

Türkiyə XİN rəhbəri ADA Universitetində dünyada gedən proseslərdən danışıb

Bakı. 25 fevral. REPORT.AZ/ "ADA" Universitetində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə "Türkiyənin xarici siyasəti: Qafqaz və Azərbaycana dair perspektivlər" mövzusunda müzakirələr keçirilib. 

Tədbiri ADA-nın rektoru Hafiz Paşayev açaraq, Türkiyə-Azərbaycan münasibətləri, eləcə də universitetin gördüyü işlərdən söz açıb. 

Daha sonra məruzə ilə çıxış edən türkiyəli nazir M.Çavuşoğlu deyib ki, xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfəridir. O, Prezident İlham Əliyev və Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla dünyada və bölgədə baş verən hadisələri birlikdə müzakirə etdiklərini söyləyib.

Onun sözlərinə görə, 2008-ci ildə dünyada başlayan maliyyə və iqtisadi böhrandan çıxmayan dövlətlər də var. Buna misal olaraq Yunanıstanın adını çəkən nazir Azərbaycan və Türkiyənin bu vəziyyətdən çıxdığını vurğulayıb: "Artıq bütün dünya Azərbaycan iqtisadiyyatının yalnız neft və qaz sənayesinə dayanmadığını bilir. Odur ki, Azərbaycan çox fəal xarici siyasət yürüdür, Avropa, eləcə də dünyada baş verən hadisələrə tez reaksiya verir". 

Yaxın və Orta Şərqdə, xüsusilə də Ukraynada baş verən hadisələrə diqqət çəkən türkiyəli diplomat deyib: "Bizim ətrafımızda ancaq neqativ hadisələr baş verir. "Ərəb baharı"ndan sonra həmin dövlətlərdə baş verən hadisələrə diqqət yetirsək, bu mənzərəni aydın görərik. Suriyadakı hakimiyyət boşluğunu terrorçu İŞİD doldurdu". 

O, Suriyadakı qaçqınların çoxluğundan, onların vəziyyətinin ağırlığından danışmaqla yanaşı, Türkiyədəki suriyalı qaçqınlara göstərilən xidmətdən də döz açıb: "Belə ki, Türkiyə indiyə qədər suriyalı qaçqınlar üçün 5,5 milyard dollar pul xərcləyib. Avropa suriyalı qaçqınlar arasında ayrı-seçkilik qoyduğu halda, Türkiyə Suriyadan olan bütün qaçqınların hamısını qəbul edir. Yalnız Kobanidən (Ayn əl-Ərəb) Türkiyəyə 138 min qaçqın qəbul edildiyi halda, Avropa Suriyadan bütövlükdə 130 min qaçqın qəbul edib. Dünya dövlətlərinin və beynəlxalq təşkilatların Suriya ilə bağlı bəlli proqramı yoxdur". 

Nazir həmçinin Azərbaycanın qərbində, Türkiyənin isə şimalında yerləşən Ukraynadakı vəziyyətə də diqqət çəkərək, bu ölkədə atəşkəsin pozulduğunu vurğulayıb. 

M.Çavuşoğlu Ukraynada və silahlı münaqişə gedən ölkələrdə muzdlu döyüşçülərin savaşdığını da söyləyib. O, həmin ölkələrdə vəziyyət sabitləşdikdən sonra bu muzdluların öz dövlətlərinə qayıdarkən yaradacaqları problemləri də dilə gətirib: "Türkiyə qonşu dövlətlərdə silahlı münaqişələr başlayandan 10 900 əcnəbinin ölkəyə daxil olmasını qadağan edib. 1500 nəfər isə Türkiyədən deportasiya edilib: "Soyuq savaş illərindəki kimi bir-birimizlə münasibət saxlasaq, bu hadisələr Ukrayna ilə kifayətlənməz. Azərbaycan Ukraynadakı vəziyyəti daha yaxşı bilir". 

Türkiyənin Yunanıstanla münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını deyən M.Çavuşoğlu 70-dən çox ölkə ilə vizasız rejimin olduğunu deyib. O, Türkiyənin xarici siyasətinin başlıca istiqamətlərindən də danışaraq, dünyada 228 nümayəndəliklərinin olduğunu deyib. 

O, həm də qeyd edib ki, İŞİD-ə qarşı mübarizə dünyanın terrorçuluğa qarşı vahid planının olmadığını göstərdi: "İŞİD-in istifadə etdiyi silahların yarısı ABŞ, yarısı Rusiya, yarısı da Çin istehsalıdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi