Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı tədbir Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi təşkil olunub.
Tədbirdə Türkiyə, Pakistan və Özbəkistanın Rusiya Federasiyasındakı səfirləri, diplomatik korpusun, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.
Gecəni giriş sözü ilə açan səfir Polad Bülbüloğlu vurğulayıb ki, budəfəki tədbir əvvəlkilərdən onunla fərqlənir ki, bu gün Xocalı və bütün Azərbaycan ərazisi işğalçılardan tamamilə azad edilib.
Səfir bildirib ki, Xocalıda dinc əhalinin qətlə yetirilməsi Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı aparılan etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir:
"Bu gün Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və onun soyqırımı kimi dünya miqyasında tanınması davam edir. Hazırda bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı soyqırımını tanıyan aktlar qəbul ediblər. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasının böyük rolu olub. Bu kampaniya çərçivəsində həm Azərbaycanda, həm də xaricdə gənclər faciə qurbanlarının xatirəsinin yaşadılmasında fəal iştirak edirlər. Mən bu gün fürsətdən istifadə edərək burada iştirak edən gənc nəslin nümayəndələrinə demək istəyirəm ki, onlar öz ölkələrinin tarixinin mürəkkəb səhifələrini heç vaxt unutmasınlar və Xocalı soyqırımı haqqında öz yaşıdları və beynəlxalq ictimaiyyət arasında həqiqəti əks etdirən məlumatları yaysınlar".
Polad Bülbüloğlu Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və Azərbaycanın dinc mülki əhalisinə qarşı, eləcə də regionda görülən bərpa işlərinə təhlükə yaratmaqda davam edən mina terroru probleminə toxunub. Vurğulayıb ki, bu problem məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının qarşısını alır.
Tədbir klassik musiqi konserti ilə davam edib, AMOR fəalı Günel Vəliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər oxuyub.