Rusiyanın paytaxtı Moskva şəhərində “Xarıbülbül” İncəsənət Festivalının rəsmi açılışı olub.
“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir Rusiyanın Azərbaycanlı Gənclər İttifaqının (AMOR) təşəbbüsü, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Heydər Əliyev Fondunun nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
Bu il festival iki məkanda keçirilir - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Azərbaycanın rəngləri” adlı rəsm sərgisi, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən isə xalq tətbiqi sənətləri və rəsm əsərləri üzrə ustad dərsləri təşkil olunub.
AMOR-un sədri Ceyhun Hüseynov illik “Xarıbülbül” incəsənət festivalının artıq 3 ildir keçirildiyini və hər il onun əhatə dairəsinin coğrafiyasının, festival iştirakçılarının sayının və keyfiyyətinin artdığını qeyd edib, bunun Azərbaycanın incəsənətinə, mədəniyyətinə və tarixi irsinə marağın artması ilə bağlı olduğunu söyləyib.
MDBMİ-də, həmçinin “Gənclər dəyişikliklərin mərkəzində: Azərbaycan dinamikası” adlı konfrans da keçirilib. Əsas müzakirə mövzusu Qarabağ iqtisadi rayonunda işğaldan azad edilmiş Azərbaycan torpaqlarında son üç ildə baş verən dəyişikliklər olub.
R.Hüseynov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan işlər barədə məlumatı Rusiya ictimaiyyətinə çatdırmaqdır: “Biz artıq həyata keçirilən və ya həyata keçirilməli olan humanitar, iqtisadi, infrastruktur, sosial layihələri müzakirə etdik.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova konfrans başlamazdan əvvəl hər kəsi ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etməyə dəvət edib.
O, çıxışında tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyini qeyd edib. “Bu vəzifə 44 günlük müharibənin qələbə ilə başa çatmasından və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan cəmiyyəti üçün xüsusilə aktuallaşdı. İşğal illərində xalqımız üçün çoxlu müqəddəs tarix və mədəniyyət abidələri, Qarabağda azərbaycanlıların yaşadığını təsdiq edən abidələrinin çoxu dağıdılıb və ya ciddi ziyan görüb. Buna görə də belə abidələrin mümkün qədər tez bərpası məsələsi dərhal Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya məqsəd qoyulub”, - o vurğulayıb.
T.Əhmədova Qarabağda işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrin restavrasiyası və bərpasının işğaldan azad edilmiş rayonda ən prioritet layihələrdən biri olduğunu vurğulayıb. “Heydər Əliyev Fondu ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ torpaqlarında quruculuq işləri aparır, tarixi, dini və mədəniyyət abidələrinin bərpası işləri həyata keçirilir”, - Heydər Əliyev Fondunun nümayəndəsi bildirib.
Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev, MDBMİ Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev, “SOCAR Rus” şirkətinin baş direktorunun müşaviri Fərhad Məmmədov, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsinin müavini Asiman Həşimli, MDBMİ Azərbaycan Klubunun sədri Nihad Binnətadə də iştirak edib.
“Xarıbülbül” incəsənət festivalı noyabrın 15-dək davam edəcək.