Moskvadakı general Kərim Kərimov adına 1583 saylı gimnaziyada ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: əsrin adamı” mövzusunda esse yazıları müsabiqəsinin qalibləri elan olunub.
"Report"un Rusiya bürosunun məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilən müsabiqənin qaliblərinin adları Novruz bayramı münasibəti ilə təşkil olunmuş tədbir çərçivəsində açıqlanıb.
Gimnaziyanın direktoru Svetlana Dvoryantseva tədbiri açaraq toplaşanları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, bu bayramın çoxmillətli Rusiya xalqları arasında geniş qeyd olunduğunu vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun təbriklərini çatdırıb. O xatırladıb ki, bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi il əlaqədar Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Z.Paşayev ulu öndərin ölkəmizin tarixində rolundan danışaraq vurğulayıb ki, Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Diplomat Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin formalaşmasında ümummilli liderin rolunu qeyd edib.
Sonra gimnaziyanın tərbiyə işləri üzrə müşaviri Ramidə Qasımova “Heydər Əliyev: əsrin adamı” esse müsabiqəsinin qaliblərini elan edib. Gimnaziyanın 18 şagirdinin iştirak etdiyi müsabiqədə birinci yeri 8-ci sinif şagirdi Marqarita Maltseva, ikinci yeri 9-cu sinif şagirdi Konstantin Bondarenko, üçünü yeri isə 10-cu sinif şagirdi Bodilamo Ramozonova tutublar.
Qaliblərə səfirliyin adından xatirə hədiyyələri təqdim olunub.
Görüş gimnaziyanın şagirdlərinin iştirakı ilə Azərbaycan mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.