Moldovalı deputat: "Azərbaycanla enerji sektoru, kənd təsərrüfatı, tikinti sahələrində əməkdaşlıq planları hazırlanır"
- 12 yanvar, 2023
- 14:37
Yeniliklərdən dərhal xəbərdar olun!
"Moldova ilə Azərbaycan arasında enerji sektoru, kənd təsərrüfatı, tikinti daxil olmaqla, iqtisadiyyatın digər sahələrində əməkdaşlıq planları hazırlanır".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Moldova parlamentinin deputatı Vitalie Jakot bildirib.
O deyib ki, son illər Moldova ilə Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf edir:
"Bu, əsasən, avropayönlü Fəaliyyət və Həmrəylik partiyasının hakimiyyətə gəlməsi və ölkə prezidentinin bu partiyanın təsisçisi Maya Sandunun olması nəticəsində baş verib. Bu siyasi partiyanın prioritetlərindən biri Moldovanı əvvəlki hakimiyyəti üzündən düşdüyü beynəlxalq təcriddən çıxarmaqdır".
Deputat təəssüflə qeyd edib ki, Ukraynadakı müharibə tərəflərin birgə hazırladığı “yol xəritəsi”nə düzəlişlər edilməsinə səbəb olub:
"Məsələn, həm dövlət orqanları, həm də müxtəlif sahələrdə təsərrüfat subyektləri səviyyəsində mühüm tədbirlər ləğv edilib və ya təxirə salınıb. Bu çətinliklərə baxmayaraq, hər iki tərəf bütün səviyyələrdə əlaqələri bərpa etmək üçün səy göstərir. Parlament platformasında (Azərbaycan Milli Məclisinin vitse-spikerinin Moldovaya səfəri - red.), həmçinin hökumət, gənclər təşkilatları, təhsil ocaqları və təbii ki, biznes strukturları səviyyəsində görüşlər keçirilib. Diaspor təşkilatları, xüsusilə Moldovadakı çoxsaylı Azərbaycan diasporu fəaldır. Bu, hələ başlanğıcdır. Bu təmaslar inkişaf edəcək. Üstəlik, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi məqsədilə yeni qarşılıqlı fəaliyyət sahələrinə diqqət yetiriləcək. Bu məsələyə, xüsusən də Azərbaycan səfiri cənab Qüdsi Osmanovun Moldovada göstərdiyi səylər kömək edir. Əlbəttə ki, yeni təmaslar nəzərdə tutulur. Bundan başqa, enerji sektoru, kənd təsərrüfatı, tikinti daxil olmaqla, iqtisadiyyatın digər sahələrində əməkdaşlıq planları hazırlanır. Məsələn, iki ölkə arasında mədəniyyət, təhsil və təhlükəsizlik sahələrində də əməkdaşlıq fəal şəkildə nəzərdən keçirilir. Moldovanın Azərbaycana yeni səfirinin təyin olunması ilə isə indiyədək durğunluq yaşayan bir çox sahələrdə əlaqələr nizama salınır".