Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademik professor İon Tiqineanu ilə onlayn rejimdə görüş keçirib.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə MEA prezidentinin müavini Viktor Moraru, Sosial elmlər, iqtisadiyyat, humanitar və incəsənət məsələləri şöbəsinin müdir müavini, professor Aurelian Denile, Tarix İnstitutunun direktoru, professor George Kojokaru, Akademik idarəetmə və xarici əlaqələr şöbəsinin müdiri, elmlər doktoru Tudor Branişte iştirak edib.
İ.Tiqineanu MEA-nın pandemiya çərçivəsində fəaliyyəti barədə geniş məlumat verib, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığın davam etdirildiyini bildirib. Həmçinin MEA-nın yaradılmasının 60 illiyi və akademik tipli ilk elmi müəssisələrin yaradılmasının 75-ci ildönümünə həsr olunmuş "Elm Həftəsi" adlı onlayn qaydada silsilə tədbirlərinin keçiriləcəyini diqqətə çatdıraraq Azərbaycan tərəfini tədbirlərdə iştiraka dəvət edib.
Q.Osmanov isə öz növbəsində iki ölkə arasında geniş əməkdaşlıq əlaqələrindən danışıb, bununla bağlı mədəniyyət və elm sahələrində əlaqələrdən söhbət açaraq Azərbaycanın Milli Elmlər Akademiyası ilə Moldova Elmlər Akademiyası arasındakı əməkdaşlıq sazişinin əhəmiyyətini xatırladıb.
Əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir uzun illər ərzində yaşadığımız ortaq tarixi nəzərə alaraq, bu sahədə araşdırmalar aparılması və əməkdaşlıq edilməsinin əhəmiyyətini qeyd edib. Hər iki ölkənin akademiyaları nəzdindəki Tarix institutları arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması təşəbbüsünü bildirib.
MEA-nın Tarix İnstitutunun direktoru professor G.Kojokaru, hər iki quruma fayda gətirəcək Azərbaycandan olan həmkarları ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü dəstəkləyib. Eyni zamanda Moldova tədqiqatçıları üçün Azərbaycanın tarixi keçmişinin araşdırılmasının xüsusi maraq kəsb edəcəyinə əminliyini bildirib.
Görüşdə hər iki ölkədəki elmi tədqiqatçıların potensialı, qarşılıqlı təcrübə mübadiləsi imkanları, birgə layihələrdə iştirak üçün tədqiqatçı qrupların yaradılması, o cümlədən beynəlxalq elmi forumlarda iştirak və digər maraq doğuran məsələlər müzakirə edilib.